Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

AMEA-NIN MÜXBİR ÜZVÜ İLYAS BABAYEV VƏFAT EDİB
AMEA-NIN MÜXBİR ÜZVÜ İLYAS BABAYEV VƏFAT EDİB
  28.12.2017
Something0
AMEA-nın müxbir üzvü, Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin rəhbəri, tarix üzrə elmlər doktoru, professor İlyas Atababa oğlu Babayev uzun sürən xəstəlikdən sonra 82 yaşında 2017-ci il dekabrın 27-də vəfat edib.
İlyas Babayev 1935-ci il martın 23-də Quba rayonunun Xanəgah kəndində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) fərqlənmə diplomu ilə bitirən İlyas Babayev Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda çalışmağa başlayır. 1959-cu ildə Azərbaycanın ilk milli arxeoloq kadrlarından olan Saleh Qazıyevin rəhbərliyi ilə yaranmış Qəbələ arxeoloji ekspedisiyasında çöl tədqiqatlarına iştirak edir.
Tarix İnstitutunun arxeologiya şöbəsində çalışan İlyas Babayev 1962-ci ildə Leninqrada (Sankt-Peterburqa) aspiranturada oxumağa gedir. SSRİ EA Arxeologiya İnstitutunun Leninqrad bölməsində İlyas Babayev dissertasiya işi ilə bağlı tədqiqatlarla yanaşı, Leninqrad Universitetində qədim yunan dili və mədəniyyəti üzrə görkəmli mütəxəssis, professor K.M.Kolobovanın yanında qədim yunan dilini də öyrənmişdir.
O, 1965-ci ildə “Azərbaycanın antik və orta əsrlər dövrü qliptika abidələri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.
İlyas Babayev 1983-cü ildə SSRİ EA Arxeologiya İnstitutnda “Qafqaz Albaniyasının şəhərləri. (e. ə. IV - e. III əsrlərində)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Dissertasiya işi 1990-cı ildə monoqrafiya şəklində nəşr edilib. Monoqrafiyada Azərbaycan ərazisində sinifli cəmiyyətin, şəhərlərin, dövlətin yaranması, sənətkarlıq, beynəlxalq ticarət əlaqələri, sikkə zərbi və s. problemlər geniş təhlil edilmişdir.
Professor İlyas Babayev 1987-ci ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Azərbaycanın antik dövr arxeologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb. İlyas Babayevin rəhbərlik etdiyi beynəlxalq statuslu Qəbələ arxeoloji ekspedisiyasında Cənubi Koreya Resrublikasının, Almaniya və Gürcüstan arxeoloqları çalışmışlar.
İlyas Babayev Qafqaz və İranın antik dövr arxeologiyası üzrə dünyada tanınmış mütəxəssislərdən biri idi. O, 270-dən artıq elmi əsərin müəllifi olmuş, dünyanın müxtəlif şəhərlərində (Moskva, Kiyev, Afina, Ankara, Budapeşt, Seul, Geongu, Roma, Tbilisi, Mahaçqala) keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir.
İlyas Babayev ali və orta məktəb dərsliklərinin, çoxcildlik “Azərbaycan tarixinin” I-II cildlərinin, “Azərbaycan numizmatikası”nın I cildinin, çoxcildlik “Azərbaycan Ensiklopediyası”nın, “Naxçıvan Ensiklopediyası”nın müəlliflərindən biri olmuşdu.
Professor İ.Babayev həmçinin zəngin elmi fəaliyyəti ilə yanaşı, çoxillik pedaqoji təcrübəyə də sahib idi. O, Azərbaycanın müxtəlif universitetlərində “Arxeologiya”, “Qədim Şərq tarixi”, “Antik dünya tarixi”, “Tarixə köməkçi fənlər”, “Azərbaycan tarixi”, “Avropa və Amerika tarixi”, “Azərbaycanda və Qafqazda sinifli cəmiyyət və dövlətin yaranması”, “Qədim dünya tarixinin aktual problemləri”, “İbtidai icma tarixi”, “Antik dünya mədəniyyəti”, “Tarixi antropologiya”, “Ümumdünya dövlət və hüquq tarixi”, “Azərbaycanın dövlət və hüquq tarixi”, “Roma hüququ”, “İslam hüququ” fənləri üzrə mühazirələr oxumuşdur.
2007-ci ildə AMEA-nın müxbir üzvü seçilən İlyas Babayev elimi-pedaqoji fəaliyyəti ilə yanaşı, respublikanın elmi-təşkilatı işlərində də yaxından iştirak edib. 2001-2011-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə Ekspert Şurasının üzvü, 2008-2009-cu illərdə Belçikada yerləşən beynəlxalq təşkilat İNTAS-ın tədqiqatlara qrantlar verilməsi üzrə qiymətləndirmə eksperti, 2008-ci ildən Azərbaycan Ensiklopediyası redaksiya heyətinin üzvü, 2010-cu ildən “AMEA-nın Xəbərləri”nin, Tarix, fəlsəfə, hüquq seriyasının Redaksiya Şurasının üzvü, 2011-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri, 2013-cü ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Dissertasiyaların Müdafiəsi Şurasının üzvü olmuşdur.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi mərhum professor İ.Babayevin ailə üzvlərinə və əzizlərinə dərin hüznlə başsağlığı verir, görkəmli alim və səmimi insan İlyas Atababa oğlu Babayevin əziz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını bildirir.
Mərhum professor İ.Babayev bu gün 28 dekabrda, saat 13:00-da Quba rayonu Xanəgah kəndinin qəbiristanlığında dəfn ediləcəkdir.
Allah rəhmət eləsin!

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 689 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu