Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“NƏSİMİ İLİ” ÇƏRÇİVƏSİNDƏ EPİQRAFİK TƏDQİQATLAR APARILIR

  16.10.2019

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları “Nəsimi ili” çərçivəsində şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu deyilən Şamaxı rayonundakı “Şahxəndan qəbristanlığı”nda epiqrafik tədqiqatlara başlayıb. İnstitutun “Numizmatika və Epiqrafika” şöbəsinin müdiri, arxeoloq, t.ü.f.d. Akif Quliyev və İnstitutun aparıcı elmi işçisi, arxeoloq, t.ü.f.d, dosent Anar Ağalarzadənin birlikdə apardıqları araşdırmalarla epiqrafik məzar daşlarının estampı (qabarıq yazı və təsvirlərin kağız üzərində əksi) çıxarılmış və epitafiyalardakı (qəbirüstü yazı) mətnlərin dəqiqləşdirilmələri aparılmışdır.
Baş daşı və sənduqələrdən ibarət olan türbənin daxilindəki qəbirlər uzun illər açıq havada qaldığı üçün kitabələri qismən dağılmışdır. Sonrakı dövrdə bu məzar daşları üzərində səkkizguşəli türbə inşa etdirilmişdir. Türbənin giriş hissəsindəki çatmatağlı qapı yerinin yuxarısında kitabənin yalnız boş yeri qalmışdır. Ehtimal ki, bu kitabə müəyyən bir dövrdə götürülmüşdür.
Türbənin daxilindəki sinə daşı sənduqələri 1,70x0,35x0,50 m, baş daşları isə 1,78x0,43x0,18 m ölçüsündə olub üzərilərinə ərəb dilinin süls elementli nəsx xəttilə kitabələr həkk edilmişdir. Sənduqələrdən birində müqəddəs Quranın “Bəqərə” surəsinin 255-256-cı ayələri olan “Ayətül-kürsi” həkk olunub. Digər sənduqədə isə, yalnız nəbati ornamentlərdən ibarət naxış elementi çəkilib. Məzar daşları üzərində aparılacaq epiqrafik araşdırmalar tam başa çatdıqdan sonra bu barədə dəqiq fikir söyləmək mümkün olacaqdır.
Tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin bildirdiyinə görə, qəbristanlıqda dəfn olunan Şahi Xəndan (vəfatı:1426) (o, “Julidəmuy” (farsca “dağınıqsaçlı” ləqəbi ilə məşhur idi) qardaşı Seyid İmadəddin Nəsimi (1360-1417) ilə birlikdə Şamaxıda “Məclis-əş-Şüəra” adlanan poeziya və musiqi həvəskarları məclisini qurmuşdur. “Sufizmin bir qolu olan hürufilik ideyalarını yaymaq məqsədilə Nəsimi Şamaxını tərk etdikdən sonra bu sənət məclislərini qardaşı Şahi Xəndan idarə etmişdir. Tədqiqatçılara görə, türbədəki ikinci məzar daşının arxa hissəsindəki təsvirlər də məhz bilavasitə sufizm təriqəti ilə bağlı müəyyən fikirləri əks etdirir” –deyə A.Quliyev qeyd etdi.
Akif Quliyevin bildirdiyinə görə, Şahi Xəndan Nəsiminin “kəşfi-əsrar” etdiyindən xəbərdar olduqda, qardaşını ehtiyyatlı olmağını bildirərək bu beyti göndərmişdir:

Gəl, bu sirri kimsəyə faş eyləmə,
Xani-xası amməyə aş eyləmə,


Həmçinin, görkəmli şair Seyid Əzim Şirvaninin (1835-1888) məzarı da Şaxəndan qəbiristanlığında yerləşir. Şair məhz burada basdırılmasını vəsiyyət edibmiş:

Mən öləndə Şaxandanda basdırın,
Çünki onun Şahi-Xəndanı vardır.


Hal-hazırda çıxarılmış estamplar üzərində epiqrafistlər tərəfindən tədqiqat işləri davam etməkdədir.