Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

  15.10.2019

2019-cu il 14 oktyabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclası açaraq mərhum akademik Vasim Məmmədəliyevin və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, “Tarixi etnoqrafiya” şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Qəzənfər Əjdər oğlu Rəcəblinin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. İnstitutun Elmi Şurasının üzvləri mərhum akademik Vasim Məmmədəliyevin və etnoqraf Qəzənfər Rəcəblinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Daha sonra professor Maisə Rəhimova Elmi Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə dəyişiliklər barədə təkliflər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şura gündəliyinin birinci məsələsi — “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”nın hazırlanması haqqında idi. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova bildirdi ki, oktyabrın 04-də keçirilən Elmi Şura iclasının cari məsələlərində təklif edildi ki, oktyabrın 20-dək şöbələr qeyd edilən Proqram üzrə təkliflərini İnstitut rəhbərliyinə təqdim etməli idilər. Daha sonra İnstitutun direktoru təkliflərini təqdim etmiş şöbələri sadaladı. Eyni zamanda hələ də təklifləri təqdim etməyən şöbə rəhbərlərindən bu mövzuda işlərini sürətləndirməyi xahiş etdi.
Professor M.Rəhimova bildirdi ki, toplanacaq təkliflər müzakirə edilərək toplu halına salınacaq və Proqramın hazırlanması məqsədilə yaradılmış İşçi qrupa təqdim olunacaqdır. Mövzu üzrə çıxış edən t.ü.f.d. Bəhlul İbrahimli bildirdi ki, toplanmış təkliflərin Elmi Şuranın bir neçə iclasında müzakirə edilməsi daha məqsədəuyğun olardı. Şöbə müdiri t.e.d. Əsədulla Cəfərov iclasda bütün təkliflərin sadalanması və müzakirə edilməsini təklif etdi. Professor M.Rəhimova bildirdi ki, təkliflərdə ya bəzi fikirlər artıq AMEA rəhbərliyinə məlumdur və onların təkrarlanmasına ehtiyac yoxdur. Təkliflərdə daha çox yeni, orijinal fikirlərin əks olunması nəzərdə tutulub. Kreativ fikirlərə gəldikdə isə, onlardan bəziləri müxtəlif şöbələrin verdiyi təkliflərdə bir-birindən asılı olmadan təkrarlanır. Buna görə də təqdim edilmiş təkliflərin redaktə edilməsinə ehtiyac vardır.
Şöbə müdiri t.ü.f.d. Fərhad Quliyev çıxışında bildirdi ki, bütün təkliflərin əks olunması da real görünmür və yalnız kreativ, innovatov fikirlər İşçi qrupa təqdim edilən təkliflər siyahısında öz əksini tapa bilər. Tarix üzrə fəlsəfə doktoru Tofiq Babayev xüsusi olaraq vurğuladı ki, hər bir İnstitutun nəzdində ingilis dilinə tərcümə mərkəzi yaradılmalıdır. Professor M.Rəhimova qeyd etdi ki, bu fikir digər təkliflərdə də, məsələn, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun verdiyi təkliflərdə də öz əksini tapıb.
Sonda professor M.Rəhimova hələ də təklifləri təqdim etməyən şöbə rəhbərlərinə bu mövzuda işlərini sürətləndirməyi xahiş etdi.
İclasın sonunda Elmi Şura üzvləri cari məsələlərin müzakirəsini keçirdilər. İclasda akademik Teymur Bünyadov da iştirak edirdi.