Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ELMİ ŞURANIN İCLASI KEÇİRİLDİ

  04.10.2019

2019-cu il 04 oktyabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə dəyişiliklər barədə təkliflər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şura gündəliyinin birinci məsələsi — 2019-cu ilin hesabatlarının təhvil verilməsi barədə idi. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova bildirdi ki, oktyabrın 20-nə qədər şöbələr öz fəaliyyət planı üzrə hesabatlarını təqdim etməlidirlər. Elmi işlər üzrə İnstitut direktorunun müavini, t.e.d. Nəcəf Müseyibli bildirdi ki, hesabatlar çap və elektron versiyada təqdim edilməlidir. “Hesabatların hazırlanması barədə qaydalar yenidən hamının elektron poçtuna göndəriləcək. Aydın məsələdir ki, əməkdaşların sosial məsələlərlə bağlı hesabatı, Beynəlxalq əlaqələr və təhsil, İctimaiyyətlə əlaqələr şöbələrinin hesabatları bu şöbələrinin fəaliyyət xüsusiyyətinə görə, bir qədər fərqli şəkildə olacaq. Şöbə əməkdaşlarının impakt-faktorlu jurnallarda dərc edildiyi məqalələrinin siyahısı ayrıca təqdim olunmalı, jurnalın impakt faktoru ayrıca göstərilməlidir”-deyə t.e.d. N.Müseyibli bildirdi.
Elmi Şura gündəliyinin ikinci məsələsi — 2019-cu ilin II yarısı üçün Elmi Şuranın təxmini iş planı barədə idi. “İlk növbədə yaxın müddətdə tərtib ediləcək siyahı üzrə şöbələr və əməkdaşlar fəaliyyət planları barədə hesabatlar təqdim edəcəklər” –deyə professor M.Rəhimova bildirdi. Mövzu ilə əlaqəli professor Maisə Rəhimova çıxış edərək iclas işçilərini iş planı ilə tanış elədi. Müzakirəyə çıxarılmış 2019-cu ilin II yarısı üçün Elmi Şuranın təxmini iş planına iclas iştirakçılarının təklif və iradları olmadığından layihə səsverməyə çıxarıldı. Elmi Şura üzvləri yekdilliklə səsverməyə çıxarılmış layihənin leyhinə səs verdilər. 2019-cu ilin II yarısı üçün Elmi Şuranın iş planı qəbul edildi.
Elmi Şura gündəliyinin üçüncü məsələsi — “2017-2018-ci illərdə Azərbaycanda arxeoloji tədqiqatlar” məcmuəsi üçün məqalələrin təhvil verilməsi barədə idi. Mövzu ilə əlaqəli professor Maisə Rəhimova çıxış edərək bildirdi ki, “Azərbaycanda arxeoloji tədqiqatlar” məcmuəsi üçün nəzərdə tutulan məqalələri tez bir zamanda yekunlaşdırıb təqdim etmək lazımdır. Mövzu üzrə akademik Teymur Bünyadov, t.e.d. N.Müseyibli, t.ü.f.d. Fərhad Quliyev çıxış etdilər. Natiqlər çıxışında məqalələrin yeni qaydalara uyğun tərtib olunacağının vacibliyini bildirdilər. Professor M.Rəhimova təklif etdi ki, “2017-2018-ci illərdə Azərbaycanda arxeoloji tədqiqatlar” məcmuəsi üçün məqalələr noyabrın 1-nə kimi təqdim olunmalıdır.
Elmi Şura gündəliyinin dördüncü məsələsi — böyük elmi işçi, t.ü.f.d. Elmira Cəfərovanın “Orta əsr şəhəri arxeoloji tədqiqat obyekti kimi” elmi məqaləsinin “AMEA xəbərləri” jurnalında çap üçün müzakirəsi oldu. Mövzu ilə əlaqəli professor Maisə Rəhimova çıxış edərək bildirdi ki, müzakirəyə təqdim edilmiş məqaləyə t.e.d. Tarix Dostiyev və t.ü.f.d. Mübariz Xəlilov rəy vermişlər. Mövzu üzrə müzakirələrdə t.e.d., professor Qafar Cəbiyev, t.ü.f.d. F.Quliyev, t.ü.f.d. Qoşqar Qoşqarlı çıxış etdilər. Müzakirələrdən sonra iclas üzvləri məqalənin “AMEA xəbərləri” jurnalında çap edilməsi məsələsini səsverməyə çıxardılar. Yekdilliklə Elmi Şura üzvləri t.ü.f.d. Elmira Cəfərovanın “Orta əsr şəhəri arxeoloji tədqiqat obyekti kimi” elmi məqaləsinin “AMEA xəbərləri” jurnalında çap üçün tövsiyyə edilməsi leyhinə səs verdilər.
İclasın sonunda Elmi Şura üzvləri cari məsələlərin müzakirəsini keçirdilər.